26 Aralık 2011

Just relax :)


Mən varam, qumların üstündə ayaqyalın gəzə bilərəm barmaqlarımın arasına dolan sarı qumları təmizləmədən dalğaların zərbələrini dinləyərək. Al-əlvan rənglənmiş hava balonunda yuxarı qalxarkən qarışqa yuvaların bənzəyən pəri bacalarına tamaşa edə bilərəm. Qurumuş və tozlanmış saçlarımı daramadan, ətrafımdakıları görmədən sonsuz bir boşluğa doğru yeriyirəmmiş kimi küçədə sifətimdəki lüzumsuz görünən gülüşümlə salamlaya bilərəm tanımadığım insanları. Və bir an belə düşünmədən bunun mənə nə qazandıracağını və nə itirəcəyimi.
Qaralsın göy üzü və şimşəklər çaxsın qübbəni parçalayan. Bunlar sadəcə sənə içindəki sakitliyi qorumağın nə dərəcə vacib olduğunu bir daha göstərsin. Qızarmış gözlər, sıxılmış yumruqlar və titrəyən çənələr heç nəyi həll etməyib bu dünyada və etməyəcək.

24 Aralık 2011

Change

Sinusoidin qollarında dalğalanaraq bir yerlərdən tutmağa çalışan qollarımı ümidsizcə uzatmaqda davam etdiyim müddətcə hər şey normal görünəcək. Hara getsən də bu bədən bu düşüncələr səninlə olacaq və onunla barışsan daha rahat olacaq hər şey. Dəyişməklə yeni bir şey əldə etməyəcəksən sadəcə təbiiliyindən bir o qədər uzaqlaşmış olacaqsan. Əslində son olan olan ölüm deyildir, senin özün olmağı unudub başqalarına bənzəməyə çalışdığın andır. Birilərinin funksiyasına qoşularsan və koordinatlarını itirərsən. Geri dönmək istədiyində mənliyini tərk etdiyin yerdə tapmayacaqsan. Tapsan belə tanımazsan onu. Necə ki, yunan filosofu deyirdi, eyni çayda iki dəfə çimə bilməzsən.

Cəsarətli olanlardan hamı çəkinir. Sən inadla dəyişməməyə qərar verdikcə onlar sənə bənzəməyə başlayacaqlar.

13 Aralık 2011

yatmazdan əvvəl bir neçə sətir )


Bir vaxtlar saqqızlar var idi Turbo filan. Terkiblerinde ne qeder zərəli maddələr var idi və s. vecimə deyil sadəcə onu bilirem ki, dadlı idilər. Və ya o zaman mənə elə gəlirdi. Təqribən indiki Nestea şaftalı dadında. Keçən dəfə mağazada mene xırda əvəzinə bu saqqızlardan verdilər. O yaddaşımda qalan dadı ala bilmədim.Həmin saqqızlardan çıxan şəkillərlə oyun oynayardıq. heç vaxt tam kolleksiya yığa bilmirdim. Hemişə hansısa çatmırdı. Və onları axtara-axtara gördüm ki, həmişə hər şeyə nail olmaq istəyirik amma nə isə çatışmır. Bu boşluğu bəzisi içki ilə, bəzisi səyahətlə, bəzisi oxumaqla doldurmağa çalışır amma buna çalışdıqca o boşluq sanki daha da dərinləşir və həmin boşluqda qərq olur insan. Və sonda anlayır ki, onu doldurmaq və ondan qorxmaq lazım deyil. İnsan yaşadıqca əslində bütün bu ətrafda baş verənlərin nə qədər səthi və boş olduğunu anlayacaq, bəzisi tez, bəzisi gec. Amma siz yenə də silahlarınızdan- qələminizdən, ştopferinizdən, klaviaturanızdan əl çəkməyin. Onlara sarılmasaq və möhkəmcə yapışmasaq kim tutar ki bizi bu dunyada.

6 Aralık 2011

Ehh...


Insanlardan hörülmüş divarlarla sixılmış kimiyəm. Tanış olmayan məmləkətlərdə tanış olmayan insanlarla danışıb heç görmədiyim yerlərə tamaşa etməliyəm. Və başımı qaldırıb ulduzları salamlayarkən gecə yarısı içimdə ən kiçik bir hüzün qalmamalıdır. Dünyanın bir zərrəsi olduğunu anlamalı insan onunla bütünləşərək. Kiçikliyini anlamalı ki, böyüyə bilsin. Özünü böyük hesab edən niyə böyüməyə can atsın ki? Jostein Gaarderin de dediyi kimi, insanlar sehrbazın dovşanının tüklərinin dibində yaşamağı seçirlər böyüdükcə. Halbuki uşaqlar her şeyə necə də maraq göstərirlər. Sonra bizim üçün adiləşir hamısı. Tüklərin zirvəsinə çıxıb ətrafı maraqla seyr etməkdənsə tükün dibində isti yerimizdə yaşamağı üstün tuturuq. Və elə orda da kəpəklənib yox oluruq.


4 Aralık 2011

05.12.2011


Geyin qara kurtkanı
və ucu şiş tuflilərini
Qızıl dişlərini parıldadaraq
Sür 07-ni
Bakı küçələrində
Təkərlərini asfaltda cırıldadaraq...
Daraq, daraq lazımdır,
Tellərini önə daramaq üçün.
Və əlbəttə ayaqlarına yapışan şalvarın...
Tələsməlisən bu gün ağır gündür
Manchester üçün
Şot yazmağa az vaxt qalıb.
Amma beynində ağır fikir burulğanları
Fikrin Röyanın fanatı o qızda qalıb..