23 Mart 2014

Sümüklü ət

 Bir otağın küncündən, ya da dünyanın səssiz bir bucağından baxmaq daha asandır dünyaya. Saya divarlar və səssiz insanlar diyarından. Çox səs, görüntü var ətrafda içi boş. Vaxtınızı saniyə-saniyə  istismar edirlər illərlə.

 Bir neçə kiloqram çürüntü olacaq tonlarla ət və sümük yığını əsəbi formada gəzir ətrafda qaşlarını çataraq. Boş fikirlərin müdafiəçiləri. Zibil vedrəsinə yox kənara düşmüş kilkə konservaları.  Ömründə bir dəfə də olsun gecə uzanıb buludsuz səmaya baxmamış yığınlar. Egoları mikrob qədər kiçilməliydi. Milyardlarla ton insan əti sümüklü formada. Başqa planetlərdə həyat varsa və onlara zülal lazımdırsa gərək istifadə etsinlər.

Amma yad planetlilər bəlkə dolma bükmək istədi bunlardan. Elə olsa gərək sümükdən ayırasan.

8 Mart 2014

Çaxçax

Taxta çaxçaxlarımız vardı desəm gərək əvvəl izah edim çaxçax nədi. Bildiyiniz hasar, çəpər. Amma çaxçax deyəndə çəkiclə vurub o taxtalardan düzəltmə hissini daha yaxşı ifadə etmək olur. Hə, deməli bu çaxçaxların təzə vaxtını mən görməmişdim. Mamırlamış vaxtına gəlib çatmışdım dünyaya. Boz idilər. Yaşıl mamırlar da var idi üstlərində. Fındıq kolları əyilmişdi üstünə. Çürümüş yerlərini dəfələrlə yamaq taxtalarla düzəltmişdik. Alt tərəflərində həm toyuqların həm də itin keçməsi üçün qırılmış yerləri düzəltməyə dəymirdi, onsuz da yenə yer tapacaqdılar özlərinə. Heç yer olmayanda toyuqlar üstdən uçmağa başlamışdılar. Anam da gördü toyuqlar gedir qonşuya qayıtmır tutdu qanad lələklərinin ucunu kəsdi, oldular pinqvin. Daha uçmurdular. Nə isə. Deməli bu çaxçaxlar qəşəng deyildi. Sərf də eləmirdi hər dəfə təmir eləmək. Amma nə vaxt ki, onu söküb yerinə dəmir şiferdən hasar elədilər həyətin bütün ab-havası dəyişdi. Pisliyə doğru demirəm amma nəsə o vaxtdan həyətdə o kəndin torpaq-ağac-ot qoxusuna sanki pas iyi qarışdı. Bilmirəm əslində daha səliqəli olmuşdu hər yer amma görəsən kənddə səliqə beləmi olmalı idi. Məncə yox. Özümə nə vaxtsa bağ salacaq olsam, çalışacam taxtadan, daşdan istifadə edim təkcə. Belə. Bu aqrar düşüncədi ya təbiətin çağırışıdı, hər nədirsə bağ yaşıllıq işini bir az bildiyimə görədi bəlkə də banal səslənə də bilər amma mütləq bir yaşıl bağ düzəltməliyəm özümə.