16 Kasım 2011

Biri var idi, biri yox idi. Təpələrdən yel kimi, dərələrdən sel kimi.... Nağıllarla böyüdük, nağıllarla yaşayırıq. Böyük adam olmaq, ideyaları gerçəkləşdirmək üçün durmadan çabalayır insan. Və sonda gözlərini yumduqda tonlarla başa çatdırmadığı işləri arxasında qoyur və gedir. Sırf bu mövqeyimiz dəyişdi bu dünyanı və dəyişməkdə davam edir. Çox yayılmış bir ifadə var, bədənin əsiri olmaq. Amma məncə insan bədəninin yox beyninin əsiridir. Bədən elə sizsiniz, onu ələ keçirən bizə özünü biz kimi tanıdan beynimizdir. Bədənə qarşı gələn də odur. Amma ondan imtina da edə bilməz çünki bioloji olaraq var olmaq məcburiyyəti buna mane olur. Qərarlarınızı verdiyiniz vaxt seçim edərkən məntiqi bir əsası olmasa da sırf intuitiv bir qərar verdikdə bunu hiss etdinizmi ki, beyin qısa müddətli də olsa tam müstəqilləşə bilmir.


Tozun içində sürünəndə burnuna və ağzına o qədər toz dolar ki, nəfəs ala bilməzsən və üzünü günəşə çevirib onu günahlandırırsan ki, əziyyətini görür və üstəlik bir də arxadan bıçaqlayan xain düşmən kimi hücum edir. Tərlədikcə boynundan və alnından süzülən tər damcıları toza qarışıb palçıq kimi düşərlər yerə. Ya da cəbhədə bir fevral axşamı postda yarım metr irəlini görmədiyin və nəfəsindən başqa bir səs eşitmədiyin, dizdən aşağı ayaqlarını hiss etmədiyin vaxt 25kq- lıq bronniy jilet və AKMS üstündə olduğunda birini günahlandırmaq lazımdır. Əvvəlcə ermənini,sonra zabiti, çavuşu, yanındakı əsgəri söyərsən. Və yadına Bakıda əsgərlikdən yayınıb Bugattidə gəzənlər düşər, söyülmədikləri yerləri qalmaz. Acığın yenə soyumaz. Sonra deyirlər ki, milli orduda söyüşü və davanı yığışdırmaq lazımdır. Bunu deyənlər Bakıda isti kabinetində oturub nəzəriyyə irəli sürənlərdir.

13 Kasım 2011

Turşu ilə işləmənin metodikası


Kompozitlərdən istifadə zamanı digər materiallardan fərqli olaraq ən əsas problem - kənari mikrosızmadır. Məsələn amalqamlarda zamanla korroziya hesabına bu problem az olur. Digər materialların bəziləri residivlərin əmələ gəlməsinə qarşı fluor ifraz edərək müdafiə olunmuş olurlar. Amma kompozitlərdən istifadə zamanı belə imkanımız yoxdur. Buna görə də həkimin qarşısında ciddi bir məsələ- boşluq divarı ilə plomb materialı arasında adaptasiya yaratmaq problemi durur. Bunun üçün başlanğıc effektiv metod boşluq divarının turşu ilə işlənməsidir. Mina qatı 35%-li ortofosfat turşusu məhlulunun gel forması ilə işlənir. Növbəti vacib məqam turşunun və onun aşıladığı hissəciklərin yuyulmasıdır.Əgər bu lazımınca yerinə yetirilməsə kompozit minaya nüfuz edə bilməz. Turşunun yuyulması üçün minimal müddət 30 saniyədir. Daha sonral 15 saniyə qurutmaq üçün ayırmalı. Hər hansı bir maye hissəciyi adheziyanı pisləşdirəcək. Aşılanmış hissəyə tüpürcək dəydikdə sadəcə yumaq və qurutmaq kifayət etmir, bu halda 10 saniyə turşu ilə təkrar aşılamalı və proseduraya davam etməli. Bu formada plomblanmış dişlərdə kənari mikrosızmalar olmur. Kompozit və minanın birləşməsi isə 16-22 MPa təzyiqə davam gətirir.

12 Kasım 2011

Diş kanallarında alətlərin qırılması


Alətin kanalda qırılması həm həkim həm də pasiyent üçün ən ağır ağırlaşmalardan biridir.Qırılmış hissənin kanalda qalması endodontik müalicənin proqnozunu kəskin pisləşdirir və hətta dişin çəkilməsinə səbəb olur. Alətin kanalda qırılmasının əsas səbəbləri :

- alətlə işləyərkən lazım olduğundan artıq qüvvə sərf etmək;

- aləti kanalda məsləhət görülən bucaqdan artıq döndürmək;

- deformasiya olunmuş alətlərlə işləmək;

- diş boşluğunun düzgün açılmaması;

Profilaktika məqsədi ilə:

- alətlərin istifadə qaydalarına uyğun ehtiyatlı və səliqəli işləmək;

- kanalda fırlanma bucaqlarına düzgün riayət etmək: K-rimer-180, K-fayl-90,dar və əyri kanallarda bu bucaqları 20-30-ə qədər azaltmaq lazımdır. H-faylları kanalda firlatmaq olmaz.

- kanalları genişləndirmək üçün olan gellərdən mütləq istifadə etmək lazımdır.

- Işə yaramayan alətləri vaxtında tullamaq

Endodontik alətləri tullamaq üçün kriteriyalar:

- plastik deformasiya

- əyilmə

- kəsici dişciklərin zədələnməsi hansı ki, xüsusi parıltılı olur həmin hissələr.

- Pulpekstraktorlardan birdəfəlik istifadə

Ağırlaşmalardan qaçmaq üçün həkim qayda və prinsiplərə əməl etməli və tələsməməlidir.

3 Kasım 2011

Kənddə bir axşam


Bayırda yağış yağır. Damcılar evimizin ağ rənglənmiş, bəzi yerləri çürüdüyündən bozumtul rəng alan pəncərə çərçivələrindən içəri sızırlar. İçəridə yanan dəmir sobanın qapağından yayılan alovun işığı elektriklər kəsildiyindən qaranlığa bürünmüş otağı əsrarəngiz bir məkana çevirib. Sobanın yanına sərilmiş döşəkdə ayaqlarımın üstündə pişik xumarlanır.Otaqda sadəcə yanan odunun çırtıltısı və təzəcə qaynamağa başlayan çaydanın səsi sükutu pozur. Zaman yavaşlamış, saniyələr sanki dəqiqədə bir vurur. Heç nə fikirləşmək istəmirəm. Amma bu özü də bir fikirdir. Heç fikirləşməmək fikri.Sobanın istisi ayağımı yandırmağa başlayır. Ayağımı çəkirəm, pişik mənə tərəf narazı halda baxır. Ayağa qalxıb əsnəyir və belini qabardır, yenə də uzanır amma bu dəfə ayaqlarını bir tərəfə uzadıb pəncələrini yalayır. Yağış güclənir. Külək həyətdəki xurma və gilas ağaclarının yarpaqlarını yerə tökür. Səhər hər tərəf palçıq olacaq amma bu məni maraqlandırmır. Kənddə yazda və payızın əvvəlində çox iş olur. Qalan vaxtı əlbəttə əgər tədarük görə bilmisənsə dincələ bilərsən. Tənbəl-tənbəl qalxıram ki, sobanın üstündə asılmış qurudulan ətdən bir tikə qoparım. Əlim çatmır. Pişik maraqla yuxarı boylanır. Hiss edir ki, yaxında ona da nəsə çata bilər. Stulun üstünə çıxıram. Nəhayət bir tikə qopardım. İstədiyim kimi duzlu ve bərk bir tikə. Pişik miyolduyur. He, lap yadımdan çıxmışdın pişik. Ona da balaca bir tikə verirəm. Dartışdırmağa başlayır mənim kimi. Yağış bir az yavaşladı. Belə daha yaxşıdı. Hay-küy nəyə lazımdı ki?...