16 Kasım 2025
17.11.2025
İnsanın canı ağrıyan yerindədi deyirlər. Dilimdə bir yara var 3 gündü lazım olan şeyləri edirəm amma bunun bir sağalma müddəti var. Yazı yazmaq istədiyimdə həmin stabil qıcıq konsentrasiya olmağıma mane olur indi. Amma bu bəhanə deyil, son vaxtlar fikrimi cəmləşdirməkdə çətinlik çəkirəm və sanki yaddaşım da zəifləyib. Zərərli şeylərdən zövq almaq haqqında fikirləşirəm. Yüngül asılılıqlar, azadlığından qurban verib bundan zövq almaq və öyrəşmək kimi. Çox boş gəlir ciddi olmaq bəzən, bəzən də ciddi olmamaq daha böyük görünür gözümə. Söhbət lağlağı, məsxərə kimi məşğuliyyətlərdən yox, ciddi şəkildə həyatı ciddi qəbul etməməkdən gedir. Həyatın mənası mənasızlığındadır kimi bir şey.
18 Kasım 2024
Əlini atıb yaxalamaq istəyirsən həyatın şah damarını, tempini tutmadığın, mənasını dərk etmədiyin mövcudluğun yaxasından yapışmaq, sorğulamaq. Bir işıq kimi doğur həyatına birisi bəzən. Onun da bir zaman sonra olmayacağını bilirsən. Ölümlü dünyada heç nə ciddi deyil və mamır basmış bəzi qəbir daşları ürəyinizin dözməyəcəyi qədər yükün başında keşik çəkir.
6 Ekim 2024
Tərkedilmiş yerlər haqqında
19 Ekim 2023
19.10.2023
Dumanlı, sis çökmüş yol kimidi həyat. Çox uzağı görmək olmur. Hətta yaxınından belə əmin ola bilmirsən. Buna görə yolunun təhlükələrdən xali olmağını gözləyə bilməzsən. Dayanmaq da mümkün deyil, çünki hərəkət edən təkcə sən deyilsən. Yol özü ayaqlarının altından qaçır. Qalır sənə uyğun gələn və ya sadəcə düşünmədən seçdiyin istiqamətlər.
İsti su töküldükcə duşda başımdan aşağı dərin nəfəs aldım. Uşaqlıqda dolça ilə vannanın içində yuyunmamı xatırlayıb, üzümdə təbəssüm yarandı və boğazımda düyümləndi bu keçmişə səyahət.
Bir otaq küncündən boylanıb keçmişə, nostalji çuxurunda boğulmaqmıdır yaşlanmanın sevimli əziyyəti?
Günlər keçir. Asan deyil heç nə. Olmasını da gözləməyin. Ümid zəhərindən qabınızın dibində qalanlar yaşlandıqda üzünüzdəki qırışlardan axacaq göz yaşı kimi.
9 Nisan 2023
Hisslərin var ipəkdən daha zərif- toxunmağa, hiss etməyə qıymadığın, qırılacağından ehtiyat etdiyin, nəfəs almağı unutduğun. Geriyə qaytara bilmədiyin anlar, insanlar, duyğular. Mahnılar var -keçmişindən xatırlayıb dinlədiyin amma başqaları ilə dinləmək istəmədiyin. Və eyni çayda təkrar üzmək üçün qaçmaq istəyi. Təəssüf, utanc, sevgi, küskünlük sonrasında məğrur görünmək üçün hər gün mahiyyətini gizlədib sonda özünü tanımamaq var. Hər gün qocalan bədənimizə yaş artdıqca uşaqlaşan bir yanımız etiraz edir gözüyaşlı, titrəyən dodaqlı, bir az da əsəbi. Bu qədər boşluğun, yüngüllüyün, heçliyin içində insan olmaq, bəlkə də özündən başqa heç kimin eşitməyəcəyi hayqırış olmaqdan bezgin. Kainatın sonsuzluğunda yox olub getməzdən əvvəl boşluğa, heçliyə onun anlamayacağı dildə bir şeyləri fısıldamaqdı deyilənlər, yazılanlar.
31 Aralık 2015
01.01.2016
Üzündə ifadən sarkastik, üzü küləyə sür ki, motorun gurultusu batırsın tək gedişlik biletlə stansiyada gəzişənlərin qulaqlarını.
13 Eylül 2015
Utanmaq
Oxumadan, bilmədən, öyrənmədən keçən saatlar, günlər və bəzən bir ömür. O qədər zamanı olmayanlar oldu, öldülər vaxtsız. Dəyərli beyinlər fikirləri, arzuları ilə bərabər çürüdü. Amma bu heyvərələr yaşıyır. Heç olmasa o ağacların yarpaqlarından utanın.
10 Ocak 2015
Agnus Dei
Ayağımın altında qırılan nazik quru budaqlara mərhəmətlə baxdım. Mövcudluğum mənə daha ağır gəlməyə başladı. Yanmış xəzəl qoxusu qarışdıqca rütubətli çürüntü iyinə, çürümüş fikirlərim də çürüməyə başladı. Yenidən başlamaq istədim hər şeyə başladığım yerdən. Nə qədər şansımız var ki?
Məkanlara səfər etmək vacib deyil hər dəfə, onların yaddaşımıza həkk olunan təsvirlərində gəzmək daha xoşdur bəzən. Çünki qoyduğumuz yerdə tapmırıq heç nəyi, heç kimi.
Zaman qaçqınlarıyıq hamımız. Sığınacaq tapmışıq boş ümidlərdə. Gəzirik diyar-diyar nə axtardığımızı bilmədən.
23 Mart 2014
Sümüklü ət
Bir otağın küncündən, ya da dünyanın səssiz bir bucağından baxmaq daha asandır dünyaya. Saya divarlar və səssiz insanlar diyarından. Çox səs, görüntü var ətrafda içi boş. Vaxtınızı saniyə-saniyə istismar edirlər illərlə.
Bir neçə kiloqram çürüntü olacaq tonlarla ət və sümük yığını əsəbi formada gəzir ətrafda qaşlarını çataraq. Boş fikirlərin müdafiəçiləri. Zibil vedrəsinə yox kənara düşmüş kilkə konservaları. Ömründə bir dəfə də olsun gecə uzanıb buludsuz səmaya baxmamış yığınlar. Egoları mikrob qədər kiçilməliydi. Milyardlarla ton insan əti sümüklü formada. Başqa planetlərdə həyat varsa və onlara zülal lazımdırsa gərək istifadə etsinlər.

8 Mart 2014
Çaxçax
Taxta çaxçaxlarımız vardı desəm gərək əvvəl izah edim çaxçax nədi. Bildiyiniz hasar, çəpər. Amma çaxçax deyəndə çəkiclə vurub o taxtalardan düzəltmə hissini daha yaxşı ifadə etmək olur. Hə, deməli bu çaxçaxların təzə vaxtını mən görməmişdim. Mamırlamış vaxtına gəlib çatmışdım dünyaya. Boz idilər. Yaşıl mamırlar da var idi üstlərində. Fındıq kolları əyilmişdi üstünə. Çürümüş yerlərini dəfələrlə yamaq taxtalarla düzəltmişdik. Alt tərəflərində həm toyuqların həm də itin keçməsi üçün qırılmış yerləri düzəltməyə dəymirdi, onsuz da yenə yer tapacaqdılar özlərinə. Heç yer olmayanda toyuqlar üstdən uçmağa başlamışdılar. Anam da gördü toyuqlar gedir qonşuya qayıtmır tutdu qanad lələklərinin ucunu kəsdi, oldular pinqvin. Daha uçmurdular. Nə isə. Deməli bu çaxçaxlar qəşəng deyildi. Sərf də eləmirdi hər dəfə təmir eləmək. Amma nə vaxt ki, onu söküb yerinə dəmir şiferdən hasar elədilər həyətin bütün ab-havası dəyişdi. Pisliyə doğru demirəm amma nəsə o vaxtdan həyətdə o kəndin torpaq-ağac-ot qoxusuna sanki pas iyi qarışdı. Bilmirəm əslində daha səliqəli olmuşdu hər yer amma görəsən kənddə səliqə beləmi olmalı idi. Məncə yox. Özümə nə vaxtsa bağ salacaq olsam, çalışacam taxtadan, daşdan istifadə edim təkcə. Belə. Bu aqrar düşüncədi ya təbiətin çağırışıdı, hər nədirsə bağ yaşıllıq işini bir az bildiyimə görədi bəlkə də banal səslənə də bilər amma mütləq bir yaşıl bağ düzəltməliyəm özümə.
5 Ocak 2014
Tək- Albert Camus -Başqaldıran insan
Stirnerə görə İsaya qədərki tarix həqiqəti ideallaşdırmaq yolunda uzunmüddətli sə`ydən başqa bir şey deyildi. Bu sə`y keçmişə xas düşüncələrlə təmizlənmə ayinlərində cisimləşir. İsadan sonra məqsədə çatılmışdır artıq və başqa bir sə`y başlayır ki, bu da tamamilə əksinə idealı reallaşdırır. Mücərrəd olanı cisimləşdirmək quduzluqdan təmizlənmənin yerini alır, İsanın varisi olan sosializm hökmünü artırdıqca dünyanı daha çox yandırıb-yıxır. Amma bəşər tarixi əsas qanuna, canlı, əldə tutulacaq qanuna, bir-birini qovan mücərrədləşdirmələrin, yəni Tanrının, dövlətin, cəmiyyətin, insanın boyunduruğuna salmaq istədikləri zəfər qanununa həqarətdən başqa bir şey deyil. İnsansevərlik bir aldanmadır Stirnerə görə. Dövlətə və insana hörmətdə ən yüksək nöqtələrinə çatan fəlsəfələr də "dini qiyamlar"dan başqa bir şey ola bilməz. "Bizim tanrısızlarımız həqiqətən dindar insanlardır" deyir Stirner. Bütün tarix boyu tək bir din olmuşdur- ölümsüzlük dini. Bu din yalandır. Yalnızca Tək, ölümsüzün və hər şeyə hökm etmək arzusuna xidmət etməyən hər şeyin düşməni olan Tək həqiqətdir.
1 Ocak 2014
Zövq
Xırda adamlardan uzaq olun. Kiçilməyə başlayacaqsınız yoxsa. Zövqü dərin və nadir şəxslərlə on dəqiqə söhbətiniz cılız insanların əhatəsində keçirəcəyiniz bir ildən daha çox şey qatacaq sizə. Unutmamaq lazımdır ki, söhbət etmək sadəcə dinləmək demək deyil. Maraqlı müsahib olmaq üçün araşdırmaq lazımdır. Müasir dövrdə hər hansı mövzunu araşdırmaq internetin köməyi ilə asandır və əvvəlki kimi saatlarla kitabxanalarda kataloq eşməyə ehtiyac yoxdur. Bunun eynisi musiqiyə, rəsmə və ümumiyyətlə incəsənətə aiddir. Zövq məsələsinə qayıtsaq bu ailədən, məktəbdən o qədər də asılı deyil. Bəzən xırda bir detalı qavramağınız sizi fərqli bir yönə dartıb aparır. Hansı ki, əslində bu yeni qavrayış biçiminə nə qədər yaxın olub anlamadığınıza heyrət edirsiniz. Zövq biryönlü olmur amma onun şaxələri bir nöqtədə birləşir və bu sizi müəyyən edəndir.P.S.Bununla yanaşı kitabxanalar və bunun kimi başqa tədris və mütaliə ocaqları insanda oxumağa və yerini müəyyən etməyə, o cümlədən nə qədər az bildiyini xatırlatmağa kömək edir.
19 Ekim 2013
19.10.13
Köhnə çürümüş ağacların üstündə nəmli, oda atdıqda yarım saat tüstülənən amma yanmaq bilməyən mamırları görmüsünüz. Alışmır xalqım tüstülənir. Onların əvəzinə pöhrələr yanır alışdıracağıq deyə odunları. Təki bu zoğlar odunlaşıb mamır bağlamasın. Sözlər qiymətlidir dostlar. Bir insanı belə dəyişsəniz missiyanızı həyata keçirmişsinizdir. Amma bir fikri birinə aşılamağa çalışmazdan əvvəl güzgüdə gözlərinizin içinə baxın. Əgər vicdanınız rahat şəkildə doğru olduğuna inandığınız fikriniz varsa yedizdirin onu aclıqdan qastrit olmuş ruhlara.
6 Ekim 2013
06.10.2013
Qanlı kəlbətini suda yuyub təmizlərin arasına qoydu. Əlcəklərini çıxardı və cibindəki on manatı pulkisəsinə qoyub özünə çay süzdü. 5-10 dəqiqə keçməmiş içəri siz girdiniz. Dişiniz çox ağrıyır çəkdirmək istəyirdiniz. Dedi əyləşin, əyləşdiniz. Həmin kəlbətinlə dişinizi çəkdi. Və artıq sizin çox az ömrünüz qalıb. Sizdən əvvəlki pasient HİV\AİDS xəstəsi idi.
22 Ağustos 2013
23.08.2013
Günlər keçir. Qovurlar bir-birini. Və biz yaşlanırıq doğulduğumuz gündən bəri. Dəyişir arzular, istəklər, ehtiyaclar. Bir çayda iki dəfə çimə bilmirsən. Bu narahat edir məni çünki təkrar-təkrar yaşamaq istədiklərim var. Bir də artıq yaşaya bilməyəcəklərim. Qolunda gəzdirdiyin saat qandallarındır əslində. Bağlısan zamana. Məhkumsan bu əsrdə yaşamağa. Nietzsche də məhkum idi, Kafka da, Bruno da, Aristotel də. Və bir də özünüzü xüsusi hesab etməyiniz yoxmu, gülməlidi.
26 Temmuz 2013
Kompozit plomblarda polimerizasion yığılma və inhibisiya olunmuş qat haqqında qısaca
İşıqla bərkiyən kompozit plomblarda yığılmanın qarşısını almaq məqsədilə bir sıra tədbirlər məqsədəuyğundur.
İlk növbədə üstünlük polimerizasion yığılması az olan materiallara verilməlidir. Yox əgər işlətdiyiniz material bu tələblərə cavab vermirsə, çalışmaq lazımdır ki, mümkün qədər nazik qatlarla restavrasiyanı edəsiniz.
Adaptiv qat kompozit yığılmasının qarşısını alır. Bunun üçün altdan axıcı plomb materiallarından və ya şüşə ionomer materiallarından istifadə etmək olar. Bunlar elastikliyi hesabına həmin yığılmanı kompensasiya edir.
Soft start və ya pulsasiyaedici tipdə fotopolimerizasiya, diş toxumasından keçməklə işıqlandırma da yardımçı həll üsullarındandır.
İnhibisiya olunmuş qat kompozitin oksigenlə təmasda olan xarici qatında əmələ gəlir və növbəti porsiyanın yapışmasını təmin edir. Bu qat alətlərlə asanlıqla şliflənən parlaq, sürüşkən qatdır. Bu qatın hesabına növbəti porsiya alətdən qoparaq plombun yerdə qalan hissəsinə yapışmalıdır. Bu zaman plomb porsiyasının alətdən azca dartılaraq qopması normaldır.Son mərhələdə şliflənmədən saxlanılan inhibisiya olunmuş qat, qida zamanı qəbul olunan rəngləndiricilərin hesabına rəngini dəyişir. Buna görə də mütləq plomblamadan sonra pardaxlanma və ya şlifləmə aparılmalıdır. Bəzi müəlliflər matrisa altında qalan hissələrin oksigen təması olmadığından bunu lüzumsuz hesab etsədə məsləhdir ki diş tam pardaxlansın. Əgər şlifləmək istəmirsinizsə plombun son qatında bərkitməzdən əvvəl şəffaf deoks gellərindən istifadə etmək olar.

28 Haziran 2013
Sat
Vaxtınızı, rahatlığınızı, xəyallarınızı, gəncliyinizi satıb alış-veriş edəcəksiniz. Heç olmasa baha satın ki, əvəzində daha rahat yaşaya biləsiniz.
28 Mart 2013
Qaralama 2
Sığınıb bir bucağa
Körpə uşaqlar kimi ağlamaq
Bu bucağın belə sənə çox görüldüyünü bilə-bilə.
Əzmək özünü öz qollarınla
Sümüklərin sızlayanadək.
Və boşaltmaq göz yaşlarını son damlasına kimi.
Bu olmalı iztirab
Bu olmalı bir insanın sonsuz yalnızlığı.
Və beton üstündə donmuş ayaqların
Soyuqdan titrəyən çənən
Yanağından süzülən yaşların duzlu dadını hiss etməkdirmi yalnızlıq
Milyonluq şəhərdə bir isti insan nəfəsinə möhtac...
Yalnız insan yoxdur
Ola bilməz
Çünki yalnız insan intihar etmişdir.
Hələ də intihar etməmisinizsə
Siz yalnız deyilsiniz.

24 Mart 2013
25.03.2013
Bir qəlibə sığaraq
Bir məkanda eyni insanlarla yaşamaq bacarığıdır həyat.
İnsanlara yaşlandıqlarında heç kimin oxumayacağı bir məktub yazmağa icazə versəydilər bu qədər fəlsəfə oxumağa ehtiyac qalmazdı.
Bir məkanda eyni insanlarla yaşamaq bacarığıdır həyat.
İnsanlara yaşlandıqlarında heç kimin oxumayacağı bir məktub yazmağa icazə versəydilər bu qədər fəlsəfə oxumağa ehtiyac qalmazdı.
Kaydol:
Kayıtlar (Atom)