3 Kasım 2011

Kənddə bir axşam


Bayırda yağış yağır. Damcılar evimizin ağ rənglənmiş, bəzi yerləri çürüdüyündən bozumtul rəng alan pəncərə çərçivələrindən içəri sızırlar. İçəridə yanan dəmir sobanın qapağından yayılan alovun işığı elektriklər kəsildiyindən qaranlığa bürünmüş otağı əsrarəngiz bir məkana çevirib. Sobanın yanına sərilmiş döşəkdə ayaqlarımın üstündə pişik xumarlanır.Otaqda sadəcə yanan odunun çırtıltısı və təzəcə qaynamağa başlayan çaydanın səsi sükutu pozur. Zaman yavaşlamış, saniyələr sanki dəqiqədə bir vurur. Heç nə fikirləşmək istəmirəm. Amma bu özü də bir fikirdir. Heç fikirləşməmək fikri.Sobanın istisi ayağımı yandırmağa başlayır. Ayağımı çəkirəm, pişik mənə tərəf narazı halda baxır. Ayağa qalxıb əsnəyir və belini qabardır, yenə də uzanır amma bu dəfə ayaqlarını bir tərəfə uzadıb pəncələrini yalayır. Yağış güclənir. Külək həyətdəki xurma və gilas ağaclarının yarpaqlarını yerə tökür. Səhər hər tərəf palçıq olacaq amma bu məni maraqlandırmır. Kənddə yazda və payızın əvvəlində çox iş olur. Qalan vaxtı əlbəttə əgər tədarük görə bilmisənsə dincələ bilərsən. Tənbəl-tənbəl qalxıram ki, sobanın üstündə asılmış qurudulan ətdən bir tikə qoparım. Əlim çatmır. Pişik maraqla yuxarı boylanır. Hiss edir ki, yaxında ona da nəsə çata bilər. Stulun üstünə çıxıram. Nəhayət bir tikə qopardım. İstədiyim kimi duzlu ve bərk bir tikə. Pişik miyolduyur. He, lap yadımdan çıxmışdın pişik. Ona da balaca bir tikə verirəm. Dartışdırmağa başlayır mənim kimi. Yağış bir az yavaşladı. Belə daha yaxşıdı. Hay-küy nəyə lazımdı ki?...

Hiç yorum yok: