26 Ağustos 2010

Üzəri irili-xırdalı daşlarla dolu olan yamacda taxtadan düzəldilmiş bir koma vardı. Ətrafına kanal çəkilmiş içəri sel suları dolmasın deyə. Görülən bütün işlərin tək bir insanın əməyi olduğu açıq nəzərə çarpırdı. Zərdüşt öz mağarasına çəkildiyi kimi o da öz komasına çəkilib ikiayaqlılardan uzaq olmağa çalışırdı. Asosial olmağın gətirdiyi çətinliklərlə savaşması xeyli vaxtını almışdı. Asan deyildi genlərə qarşı olan bu mübarizə.
Nietzschenin Zərdüştünü təkrarlamadı. Enmədi insanlığa. Çalışmadı insanlığa xeyir vermək üçün. Mizantrop deyildi amma insanlar onu bir çənbərə sıxır və ondan nəsə özlərinə bənzər bir şey düzəltməyə çalışırdılar. Oxumadı onların vətən, sevgi, dostluq, azadlıq tərənnüm edən əsərlərini. Və beləcə öz əsərini yarada bildi.
İnsan hər gün dəyişir amma nədənsə dəyişdiyini büruzə verməkdən çəkinir. Köhnə tanışları gördükdə onların çox dəyişdiyini lakin yenə də əvvəlki vaxtlarda olduğu kimi davranmağa çalışdıqlarını görürəm. Sanki qarşı tərəfdəkinin yeni Onu fərqli qəbul edəcəyindən çəkinir və nəticədə özünü süni aparmaq əziyyətindən qaçmaq üçün həmin insandan uzaqlaşırlar.
Qanadlanıb uçmaq sonsuz ənginliklərə və geri dönməmək. Bir dəfə olduğum yerdə ikinci dəfə olmaq istəməmək arzusu baş qaldırır bəzən içimdə. Həyatın yaddaşımda qalan forması çox daha gözəldir. Çünki onu özüm bəzəmişəm, reallıq isə bunun belə olmadığını çılpaqlığı ilə kobud surətdə üzümə çırpır. Real olan dünyada baş verənlər sərt bir porno kimidi. Açıq-saçıq, sifətində həyasız bir gülümsəmə olan fahişəni xatırladır həyat. Bəzən geyinir, özünü ədəbli, vəfalı kimi təqdim edir amma mən onu yerişindən tanıyıram.

Gözlərimdə eynək var ona görə yox ki çox zəif görürəm. Sadəcə azacıq bulanıq görmək məni əsəbiləşdirir. Əslində azca miop olmağın üstünlüklərindən biri odur ki ətrafdakılar fikrini dağıtmır. Amma həqiqətlərin bəzəksiz, çirkin görüntüsü pudralanmış yalanlardan daha az incidir məni. Və hər şeydə bir gözəllik axtarmaq lazım deyil. İyrənc olan iyrəncdir. Hə, kimə görə, hansı zamanda o ayrı məsələ. Əsas olan indi nə hiss etdiyinizdir. İndiyə qədər yaddaşımda olan keçmişimi bəzədiyimi dedim az əvvəl. Bu bir növ dezinfeksiyadır. İnsanın içində olan daha yaxşıya olan inamın itməməsi üçün bəzi reallıqları görməməsi lazım gəlir təəssüf ki...